Çayları:
Başlanğıcını Türkiyə ərazisindən götürən, Naxçıvanın Türkiyə və Iran Islam Respublikası ilə sərhəddini təşkil edən Araz çayı Naxçıvandan keçən ən böyük çaydır. Naxçıvan Muxtar Respublikası ərazisində 400-ə yaxın çay və çay qolları var. Arpaçay, Naxçıvançay, Əlincəçay, Gilançay muxtar respublika ərazisində böyük çaylar hesab olunur.
Gölləri:
Naxçıvan Muxtar Respublikasının təbii gölləri əsasən Naxçıvançayın və Gilançayın hövzələrinə aiddir. Qanlıgöl, Batabatgöl, Salvartıgöl, Göygöl muxtar respublikanın əsas təbii göllərindəndir. Muxtar respublikada çaylar üzərində Heydər Əliyev Su Anbarı, Araz, Arpaçay, Bənəniyar, Nehrəm, Uzunoba və sair su anbarları yaradılmışdır.
Mineral suları:
Azərbaycanın mineral su ehtiyatının 60 %-i Naxçıvan Muxtar Respublikasının payına düşür. Muxtar respublikanın 5,5 min km2-lik sahəsində 250-dən artıq mineral su mənbəyi qeydə alınmışdır. «Badamlı», «Sirab», «Vayxır», «Gülüstan» və «Narzan» mineral suları dünyada məşhurdur.
“Badamlı”
Bu mineral suyun mənbəyi badam meşəliyi və üzümlüklə örtülmüş gözəl bir vadidə, dəniz səviyyəsindən 1.400 m yüksəklikdə, Naxçıvan şəhərinin 30 kilometrliyində eyniadlı kəndin kənarında yerləşir (Naxçıvan MR Şahbuz rayonu). Bu yer gündəlik debiti 2,5 mln. litrə çatan karbonatlı su-narzan bulaqları sayəsində məşhurlaşmışdır. Bu suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. İstifadədə olan bulaqların əsasında Qafqazda ən böyük mineral sudoldurma zavodlarından biri fəaliyyət göstərir. «Badamlı-5» iştahı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran, gözəl süfrə içkisi kimi məşhurdur. Bu su kurort şəraitindən kənarda həzmetmə orqanları xəstəliklərinin müalicəsində əvəzedilməzdir.
“Sirab”
“Sirab”-“Borjomi” növlü məşhur müalicə-süfrə suyudur. Bu su karbonatlı, hidrokarbonat-natrium-kalsium, ümumi minerallığı 2,0-2,7 q/l tərkiblidir. «Sirab»da dəmir, brom və silsium turşuları, litium, stronsium aşkar edilmişdir. İstifadə olunan mənbələr əsasında xoşagəlimli dada malik «Sirab-12» müalicə-süfrə suyu doldurma zavodu fəaliyyət göstərir. Bu su mədə-bağırsaq və sidik ifrazı yollarının xəstəliyi, eləcə də maddələr mübadiləsinin pozulması zamanı qəbul olunur. Suyun mənbəyi tunc dövrünə aid «Daşqala» memarlıq kompleksi ilə məşhur olan Sirab kəndinin yaxınlığında yerləşir.
“Vayxır”
Vayxır Yesentuki növlü karbonatlı, duz-qələvili suların olduqca zəngin yatağı olub, Naxçıvan şəhərindən 17 km şimalda dəniz səviyyəsindən 1.400 m hündürlükdə yerləşir. Qazılmış quyuların gündəlik debiti 2 mln. litrdən çoxdur. Bu su karbonatlı, xlor-hidrokarbonat-natrium, ümumi minerallaşması 6,5 q/l tərkiblidir. Həzmetmə orqanlarının xəstəlikləri, xroniki qastrit, maddələr mübadiləsinin pozuntusu (şəkər diabeti, qastrit, diatez, oksalanturiya) zamanı istifadə edilir.
“Darıdağ”
Darıdağ - karbonatlı mərgümüşlü mineral suların təbiətdə az təsadüf edilən nadir mənbəyidir. Culfa şəhərindən 8 km şimalda yerləşmişdir. Kəşf olunmuş ehtiyatları 500 m3-dir. Yüksək minerallaşmaya malik (temperaturu- 52°S)-21 q/l, karbonatlı CO2 -1,5 q/l xlor-hidrokarbonat-natrium tərkiblidir. Tərkibində eyni zamanda xeyli dərəcədə bor, yod, brom, stronsium və litium vardır. Mədə-bağırsaq, oynaq xəstəlikləri zamanı içmək məsləhət görülür. Periferik sinir sistemi xəstəlikləri zamanı vanna qəbul etmək üçün əvəzedilməz əhəmiyyətə malikdir.
“Nəhəcir”
Nəhəcir Naxçıvan şəhərinin şimal-şərqində yerləşən müalicəvi əhəmiyyətli kurort yeridir. Nəhəcir dağının yamaclarında yerləşmişdir. Kurort ehtiyatlarının əsasını karbonatlı (1,3 q/l azad karbonat), dəmir hidrokarbonat-natriumlu, minerallaşma dərəcəsi 6 q/l olan su mənbələri təşkil edir. Həzm orqanlarının xəstəliyi, qan azlığının müalicəsi zamanı içilməsi gözəl nəticələr verir.
“Batabat”
Batabat Naxçıvan şəhərindən 62 km şimal-şərqdə Kiçik Qafqazın yamaclarında, dəniz səviyyəsindən 1.700 m yüksəklikdə yerləşən müalicə əhəmiyyətli iqlim kurort zonasıdır.
İqlim subtropikdir, qarlı, mülayim qışı, quru, çox da isti olmayan yayı vardır. İqlim şəraitilə yanaşı (aerohelioterapiya əsas müalicə vasitəsi karbonatlı, hidrokarbonatlı, kalsium-natrium-maqnezium, minerallaşma dərəcəsi 0,5 q/l olan sulardır. Bu su mədə-bağırsaq xəstəliklərinin müalicəsi zamanı içilir. Mülayim iqlimi, şirin suyu olan göl, mənzərəli görkəmi və alp çəmənliklərinə məxsus zəngin bitki aləmi insan orqanizminə xoş təsir göstərir.
“Gömur”
Gömür - yüksək dağüstü iqlim stansiyasıdır. O, Naxçıvan şəhərinin 75 kilometrliyində dəniz səviyyəsindən 1.700 m yüksəklikdə yerləşir.
Burada karbonatlı duz-qələvi tərkibli olduqca zəngin mineral su yataqları aşkar edilmişdir. Bu yerin iqlimi mülayim-soyuqdur, qışı yumşaq, yayı sərin keçir.
Gömür istirahət zonası sinir sisteminin funksional xəstəlikləri, yorğunluq, mədə-bağırsaq və tənəffüs yolları xəstəliklərinin müalicəsi üçün xüsusilə əlverişlidir.
“Şərur”
Şərur bulaqları Sədərək kəndinin cənub-qərbində, şosse yolunun yaxınlığında yerləşir. Bulaqların gücü (gündəlik debiti 1 mln. litrdən artıq), suyun karbonatlı hidrokarbonat-xlor-natriumlu və nadir mikrokomponentli kompleksli tərkibi burada müalicə kompleksinin tikilməsi üçün əsas verir.
Naxçıvan diyarının zəngin mineral suları dünya bazarlarında üstünlük qazanmaq imkanlarına malikdir.
Hiç yorum yok:
Yorum Gönder
muzafferbadem@hotmail.com